Сегодня день рождения I вице-президента Азербайджана Мехрибан Алиевой

Сегодня день рождения I вице-президента Азербайджана Мехрибан Алиевой

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.

1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.

2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.

Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.

2020-ci ildə Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu birbaşa onun göstərişləri, tapşırıqları və nəzarəti altında işğaldan azad olunan ərazilərdə Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihələrə başlayıb.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

“Heydər Əliyev” ordeni (Azərbaycan Respublikası), “Şərəf Legionu” ordeni (Fransa Respublikası), “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (Polşa Respublikası), “Hilal-e Pakistan” ali ordeni (Pakistan İslam Respublikası), “Sreten” ordeni (Serbiya Respublikası), “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, Heydər Əliyev Mükafatı, Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı fərmanla “Dostluq” ordeni ilə təltif edilib.

“GM Construction” kollektivi adından Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

Paylaş