Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.
Qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına təqdim olunan mənzillərin yerləşdiyi bu şəhərcik Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa edilib. Şəhərcikdə yerləşən 54 mənzildən ibarət 9 mərtəbəli yaşayış binalarının (28, 29, 30 saylı yaşayış binaları) tikintisini məhz "GM Construction" şirkəti həyata keçirmişdir. 6 mart 2020-ci il tarixində qeyd olunan binaların inşasına start verilmiş və 1 mart 2021-ci il tarixində yekunlaşdırılmışdır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Abşeron rayonu ərazisində tikilən binalardakı mənzillər müasir tələblərə tam cavab verir. Mənzillərdə elektrik, su, qaz, istilik təchizatı, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.